Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Qafar Ağayev10:03 - 01 / 05 / 2024
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 7.5%-dən 7.25%-ə, faiz dəhlizinin yuxarı həddinin 8.5%-dən 8.25%-ə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə 6.25% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edib.

1news.az bu barədə AMB-yə istinadən xəbər verir.

Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2%) müqayisəsi, inflyasiya gözləntilərinin stabilləşməsi, risk balansında baş verən dəyişikliklər nəzərə alınmaqla verilmişdir. Proqnozlaşdırılan inflyasiyanın aşağıya doğru dəyişdiyini nəzərə almaqla faiz dəhlizinin yuxarı həddinin və uçot dərəcəsinin azaldılması monetar şəraitin yumşalmasına yönəldilmişdir. Aşağı həddin dəyişməz saxlanılması isə banklararası faizlərin dəyişkənliyinin azaldılmasına xidmət edir. Faiz dəhlizinin bu parametrləri müəyyənləşdirilərkən onların banklararası pul bazarındakı faizlərə təsir potensialı da nəzərə alınıb.

Ötən iclasdan bəri illik inflyasiya tempi azalmaqda davam etmişdir. 2024-cü ilin martında 12 aylıq inflyasiya 0.4%, 12 aylıq baza inflyasiya isə 1% təşkil etmişdir. İllik ərzaq deflyasiyası 1.1%, qeyri-ərzaq inflyasiyası 1.1%, xidmətlər inflyasiyası isə 2.2% olmuşdur.

Aşağı inflyasiya mühiti inflyasiya gözləntilərinin azalmasını dəstəkləyir. Aparılan sorğuların nəticələrinə görə I rübdə inflyasiyanın yüksələcəyini gözləyən ev təsərrüfatlarının payı bundan öncəki rüblə müqayisədə 1 faiz bəndi azalmışdır.

İnflyasiyanın xarici fonu əlverişli olaraq qalır. Qlobal inflyasiya dünya əmtəə qiymətlərinin aşağı düşməsi nəticəsində yavaşlamışdır. Dünya Bankının məlumatına əsasən əmtəə qiymətləri indeksi 2024-cü ilin martında əvvəlki ayla müqayisədə artsa da illik əsasda 0.3%, o cümlədən qeyri-enerji qiymətləri üzrə 2.4% enmişdir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə isə ərzaq qiymətləri indeksi martda illik əsasda 7.7% azalmışdır. Manatın nominal effektiv məzənnəsinin (2023-cü ildə 19.3% və 2024-cü ilin I rübündə 2.7%) bahalaşması idxal inflyasiyasının azalmasına əlavə töhfə vermişdir.

Profisitli tədiyə balansı valyuta bazarında tarazlığın qorunmasında həlledici rol oynayır. Tədiyə balansının əsas komponenti olan ticarət balansında 2024-cü ilin I rübündə 2.3 mlrd. ABŞ dolları məbləğində profisit formalaşmışdır. Yenilənmiş proqnozlara əsasən mövcud meyillər davam edəcəyi təqdirdə 2024-cü ilin yekunu üzrə də cari əməliyyatlar hesabının profisitli olacağı gözlənilir.

Pul siyasəti alətləri maliyyə bazarlarının müxtəlif seqmentlərində gedən proseslər və bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınmaqla tətbiq edilir. Pul siyasəti alətlərindən aktiv istifadə pul bazarında orta faizlərin Mərkəzi Bankın faiz dəhlizi daxilində hərəkətini təmin edir. Aprel ayının ötən dövründə 1 günlük təminatsız əməliyyatlar üzrə orta faiz (1D AZIR) 6.66% (martda 6.52%) olmaqla faiz dəhlizinin daxilində formalaşmışdır. Son vaxtlar banklararası bazarda faizlərin faiz dəhlizi daxilində artması, 1D AZIR indeksi ilə uçot dərəcəsi arasındakı fərqin azalması müşahidə edilir. Bu dövrdə avtonom (pul siyasətindən kənar) amillərin, xüsusən də dövlət büdcəsindəki profisitlə əlaqədar olaraq hökumət hesabları qalıqlarının artımı bank sistemindəki likvidliyə azaldıcı təsir etmişdir. İlin əvvəlindən bəri Mərkəzi Bankın notları və dövlət qiymətli kağızları üzrə gəlirlilik də əsasən artım istiqamətində dəyişmişdir.

Ötən iclasdan bəri inflyasiyanın risk balansında əhəmiyyətli dəyişiklik baş verməmişdir. Geosiyasi gərginliklər, mühüm beynəlxalq ticarət yollarında yaranan maneələr, iqlim dəyişiklikləri, dünya bazarında əmtəə qiymətlərinin və tərəfdaş ölkələrdə inflyasiyanın dəyişkənliyi xarici mənşəli başlıca inflyasiya riskləri olaraq qalır. Bununla belə dünyada monetar şərtlərin sərt olaraq qalması, ortamüddətli perspektivdə aparıcı ölkələrdə mərkəzi bankların faizləri daha mülayim endirməsi gözləntiləri qlobal inflyasiyanı azaldacaq amildir. İnflyasiyanı artıra biləcək başlıca daxili risk isə yerli xərc amillərinin, eləcə də dövlət xərclərinin aktivləşməsi və məcmu tələbin izafi artımı ilə əlaqədardır.

Ümumilikdə, inflyasiyanın artırıcı və azaldıcı riskləri bir-birini tarazlaşdırır. Mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə 2024-cü və 2025-ci illərdə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı gözlənilir (aprel proqnozu: 2024-cü ilə 3.5% və 2025-ci ilə 4.2%). Apreldə 2024-cü ilə inflyasiya proqnozu azalma istiqamətində dəyişdirilmişdir.

Pul siyasəti ilə bağlı növbəti qərarlar faktiki inflyasiyanın proqnozla müqayisəsindən, xarici və daxili mənşəli risk amillərinin dinamikasından asılı olacaqdır. İnflyasiya amillərinin tarazlıq səviyyəsi, inflyasiyanın cari dinamikası və pul siyasətindən kənar amillərin monetar şəraitə və məcmu tələbə təsiri faiz dəhlizi parametrlərinin yaxın perspektivdə dəyişməz saxlanılması ehtimalını yüksəldir. Qarşıdakı dövrdə də makroiqtisadi göstəricilərin hərtərəfli təhlili davam etdiriləcək, ölkədə qiymət sabitliyini təmin etmək üçün bütün mövcud vasitələrdən istifadə ediləcəkdir.

Bu qərar 2 may 2024-cü ildən qüvvəyə minir. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə 2024-cü il iyun ayının 21-də açıqlanacaqdır.

Paylaş:
199

Son xəbərlər

Küçələrdə dilənçilik edən 342 uşaq aşkarlanıbBu gün, 11:25Belarus Prezidenti Füzuli rayonuna səfər edibBu gün, 11:23Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşübBu gün, 11:15Azərbaycan Bəstəkarlar İttifaqının və MHUİB-nin üzvü, bəstəkar İlham Azmanlının 60 illiyi qeyd olundu - FOTOBu gün, 11:04Axtarışda olan şəxs hava limanında saxlanılıbBu gün, 10:52Bakıda qadın əri və oğlu tərəfindən döyülübBu gün, 10:48Dünya fond bazarlarının əsas indeks göstəriciləriBu gün, 10:36Keçən il sosial şəbəkələr vasitəsilə insan alverinin qurbanına çevrilən insanların sayı açıqlanıbBu gün, 10:28Ötən il 47 nəfər əmək müqaviləsi olmadan tikintidə işə cəlb edilibBu gün, 10:23Azərbaycanda ötən il 293 erkən evliliyin qarşısı alınıbBu gün, 10:14Azərbaycanda insan alveri qurbanlarının ən çox olduğu şəhər və rayonlar məlum olub - SİYAHIBu gün, 10:03“Made in Thunder”. Maserati sərgisi Trident-in yeni elektrik dövrünü açır və dünyaya GranCabrio Folgore-u təqdim edir – FOTOBu gün, 09:58AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayınBu gün, 09:44AMB 17 maya olan valyuta məzənnələrini açıqladıBu gün, 09:35Azərbaycan neftinin qiyməti 84 dolları ötübBu gün, 09:27Televiziya rejissoru vəfat edibBu gün, 09:20Bəzi yerlərdə arabir yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVABu gün, 09:16Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:05Baba Vəziroğluna “Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim olunub16 / 05 / 2024, 17:51Azərbaycan və Küveyt vəkillər kollegiyaları arasında Memorandum imzalanıb16 / 05 / 2024, 17:48
Bütün xəbərlər